Avropa Şurası və Azərbaycan
Ədliyyə Nazirliyi "Azərbaycanda həbsxana islahatlarına dəstək -
2008-2009" layihəsinin təqdimatını keçirib. Layihə Norveç hökuməti
tərəfindən maliyyələşdirilir və Azərbaycan həbsxanalarında Avropa
standartlarına uyğun islahatları həyata keçirmək üçün ehtiyacları
müəyyənləşdirəcək.
AŞ Baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika
Kotek bildirib ki, proqrama uyğun olaraq, həbsxanalarda vəziyyəti və
davranışları nəzərdən keçirib, islahatlara başlamaq lazımdır. "Yeni
layihənin əsas məqsədi həbsxana işçiləri üçün təlim mərkəzi təşkil etmək,
həbsxana işçilərinin professional bacarıqlarının səviyyəsini yüksəltmək və
bunun köməyi ilə məhbusların insan haqlarını müdafiə etmək üçün dəstək
göstərməkdir. Eyni zamanda, layihə həbsxanalarda xəstəliklərin qarşısını almaq
və sağlamlığı təşviq etmək vasitəsilə tibbi xidmətin təminatını inkişaf
etdirmək, alternativ cəzaların və ölçülərin istifadə edilməsini tətbiq etmək,
Azərbaycanda Sınaq Xidmətinin təsis edilməsinə dəstək verməkdir".
Onun fikrincə, həbsxanada
insan haqları tam qorunmalıdır. Həbsxana həyatı kifayət qədər qısa olmalıdır
ki, insanlar sonradan normal həyata adaptasiya oluna bilsin. "Başa düşürük
ki, həbsxanada cənnət yaradılmayacaq, ancaq cəhənnəm də olmamalıdıdr".
Ədliyyə Nazirliyinin
təmsilçisi Azər Seyidov bildirib ki, Azərbaycan penitensiar xidmətdə
islahatları davam etdirməkdə israrlıdır. Azərbaycan eyni zamanda Avropa Şurasının
layihələrinin həyata keçirilməsində
maraqlıdır.
Norveçin
Azərbaycandakı səfiri Con Ramberq hesab edir ki, Norveç hökumətinin
maliyyələşdirdiyi bu layihə həbsxanalarda vəziyyətin kəskin yaxşılaşmasına
xidmət edir. "Layihənin əsas məqsədi məhbusların hüquq və azadlıqlarının
qorunmasında Azərbaycan hökumətinə kömək etməkdir" - deyə o qeyd edib.