ABŞ-ın vitse-prezidenti Dik
Çeyninin Azərbaycana iki günlük səfəri başlayıb.
Cənab Çeyni ilk olaraq BP və Sevron
şirkətlərinin yerli nümayəndələri ilə ayrılıqda görüş keçirib. ABŞ-ın
Azərbaycandakı səfirliyindən "Amerikanın səsi" radiosuna bildiriblər ki, hər
iki şirkətin nümayəndəsi Azərbaycanın enerji sahəsində durumu, daha geniş
mənada Xəzər regionunda xüsusilə, Rusiyanın bu yaxınlarda Gürcüstanda hərbi
əməliyyatlarından sonra yaranmış vəziyyət barədə öz fikirlərini bölüşüb.
Görüşdə həmçinin enerji təhlükəsizliyi kontekstində müzakirələr keçirilib, neft
şirkətlərinin nümayəndələri öz fəaliyyətləri, regionun mühüm potensialı və üzləşdikləri bəzi çətinliklər barədə də fikir
mübadiləsi aparıb.
Vitse-prezident Dik Çeyni
ABŞ-ın Bakıdakı səfirliyinin əməkdaşları ilə də görüşüb.
Cənab Ceyninin Azərbaycan
prezidenti İlham Əliyevlə
görüşü isə bir saatadək davam edib.
"Turan" agentliyinin
məlumatına görə, cənab Çeyni görüşdən
sonra jurnalistlərə bildirib ki, ABŞ Qafqaz bölgəsindəki müttəfiqlərinin
əmin-amanlığında və rifahında dərindən maraqlıdır. "Bizim bu günkü
görüşümüz Rusiyanın bu yaxınlarda Gürcüstana etdiyi hərbi müdaxilə fonunda baş
tutub. Prezident Buş məni Azərbaycan xalqına və bütün regiona aydın ismarıcla
göndərib: ABŞ-ın dərin və möhkəm maraqları vardır ki, sizin rifahınız və
təhlükəsizliyiniz təmin olunsun".
Cənab Çeyni həmçinin bildirib ki, ABŞ enerji
resurslarının ixracı üçün əlavə marşrutların olması istiqamətində Azərbaycanla
əməkdaşlıq etməkdə maraqlıdır. "ABŞ əmindir ki, biz Avropa ölkələri və
Türkiyə, eləcə də Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə birlikdə işləməliyik
ki, enerji resurslarının ixracı üçün əlavə marşrutlar olsun və onlar sərbəst
şəkildə nəql edilsin" – deyə o qeyd edib.
Eyni zamanda,
Azərbaycanda müstəqil politoloqlar,
iqtidar və müxalifətdə olan siyasi partiya rəhbərləri ABŞ-ın
vitse-prezidentinin Azərbaycana səfərini mühüm adlandırır.
YAP icra katibinin müavini Mübariz Qurbanlı
ABŞ vitse-prezidentinin səfərini "zəruri səfər" kimi qiymətləndirir. Onun fikrincə,
bu səfər Azərbaycanın təhlükəsizliyinə, Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesinə müsbət təsir göstərəcək.
Müxalifətdə olan AXCP sədri
Əli Kərimli cənab Çeyninin səfərini Azərbaycana ABŞ-ın dəstəyi kimi
qiymətləndirir. Onun fikrincə, bu ABŞ-ın Azərbaycanın müstəqilliyinə, enerji
layihələrinə verdiyi böyük önəm hesab edilməlidir.
Politoloq İlqar Məmmədovun
fikrincə, ABŞ Azərbaycana dəstəklə
yanaşı, ölkə rəhbərliyinin mövqeyini də müəyyənləşdirmək fikrindədir.
Yeri gəlmişkən qeyd edim
ki, ABŞ-ın vitse-prezidentinin səfəri zamanı paytaxt Bakıda ciddi təhlükəsizlik
tədbirləri görülüb. Cənab Çeyninin keçəcəyi yollarda çoxsaylı təhlükəsizlik
əməkdaşları var. Onunla gələn nümayəndə heyətinin yaşadığı Hyatt hotelinin
qarşısında yol bağlanıb. Vitse-prezidentin səfər proqramı ilə bağlı mətbuata
qabaqcadan hər hansı məlumat verilməyib.