Azərbaycanın kanalizasiya sisteminin yenidən
qurulması üçün 1 milyard 200 milyon manatdan çox vəsait tələb olunur.
Hazırda Bakı şəhəri bütövlükdə su ilə təchiz
olunub, 80 faiz əhalinin isə kanalizasiyaya çıxışı var. Bu barədə bu günki
mətbuat konfransında “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev
bildirib.
Onun
sözlərinə görə, artıq bir çox maliyyə institutları ilə ölkənin su və
kanalizasiya sistemlərinin yenidən qurulması üçün kredit ayrılması üçün
danışıqlar aparılır və bir çox müqavilələr imzalanıb.
Sədr hazırda
su və kanalizasiya sistemlərində yenidənqurma işlərinin davam etdirildiyini
deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanın şəhər və rayonlarında 141 km
uzunluğunda su və 130 km kanalizasiya xətti çəkilib. «İl ərzində tutumu 1700
kubmetr olan 4 su anbarı tikilib, 6400 kubmetrlik su anbarı yenidən qurulub, 9
su qəbuledici kompleks, 2 su nasosu stansiyası quraşdırılıb, həcmi 1000 kubmetr olan 5 kanalizasiya nasos
stansiyası inşa olunub. Bakı şəhərində 5,3 km uzunluğunda su xətti, 12,9 km
uzunluğunda kanalizasiya xətti çəkilib, 1 kanalizasiya nasos stansiyası yenidən
qurulub, həcmi 500 kubmetr olan su anbarı və həcmi 1000 kubmetr olan iki çirkab
su anbarı tikilib».
Cənab
Rzayev ötən il 400 mindən çox insanın su
təchizatının yaxşılaşdırıldığını deyib. Regionlar 40-50%, Bakı şəhəri 100%
içməli su ilə təchiz olunur. Ancaq Bakıda əhalinin 40%-nə daimi, 60%-nə isə
fasilələrlə su verilir. Onun dediyinə görə, xüsusilə regionlarda suyun
keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir.
Vətəndaşların
sosial haqlarının müdafiəsi koalisiyasının üzvü Mehman Əliyev hesab edir ki,
ölkədə su və kanalizasiya sisteminin yenidən qurulması üçün vahid plan
hazırlanmalıdır. Onun sözlərinə, ölkə üzrə adambaşına gündə 200 litr su düşür və
su fasilələrlə verilir. Əhalinin böyük hissəsinin isə kanalizasiyaya çıxışı
yoxdur. Koalisiyanın hesablamalarına görə,
bütün əhalinin su və kanalizasiya əl çatımlılığı üçün 2 mlrd manatdan
çox vəsait tələb olunur.
Bakının
mərkəzində əhali arasında keçirdiyim sorğuda isə daha çox razılıq hiss olunur.
İnsanlar son zamanlar Bakının mərkəzi rayonlarında su və kanalizasiya ilə bağlı
problemlərin azaldığını deyir.